bookmate game
az
Моllа Nəsrəddin lətifələri

Моllа Nəsrəddin lətifələri

Avisarme cuando se agregue el libro
Para leer este libro carga un archivo EPUB o FB2 en Bookmate. ¿Cómo puedo cargar un libro?
  • Gulshan Jabicompartió una citahace 2 años
    Bir məclisdə özünü alim göstərən dərvişlərdən biri ilə Mollanın mübahisəsi düşür. Molla Nəsrəddin gündə bir fırıldaqla camaatı aldadan bu dərvişi hər tərəfdən bağlayır və onun tamam yalançı, savadsız bir adam olduğunu sübut eləyir. Dərviş işi belə görüb Molla Nəsrəddini pərt eləmək üçün deyir:

    – Sən, barı danışma! Sənin ki, bu dünyada əlindən heç bir iş gəlmir.

    Molla deyir:

    – Düz deyirsən. Sənin əlindən gələn işlər mənim əlimdən gəlməz. Ancaq məni hamı tanıyır, gəlsənə bir sən də özünü nişan verəsən, görək kimsən, nəçisən?

    Dərviş deyir:

    – Mən övliyayam. Mən hər gecə bu aləmdən, bu günahkarlar dünyasından çıxıb göylərə uçuram.

    Molla Nəsrəddin özünü tamamilə inanmış kimi göstərərək soruşur:

    – Yaxşı, heç dördüncü göyə gedibsənmi?

    Dərviş lovğa-lovğa deyir:

    – Getmişəm, özü də bir dəfə yox, çox dəfə getmişəm.

    Molla yenə də inanmış adam kimi soruşur:

    – Heç orada uçanda dodaqlarına yumşaq bir şeyin dəydiyini hiss edibsənmi?

    Dərviş Mollanı üstələdiyini görüb, tez “bəli, bəli!” deyə cavab verir.

    Molla Nəsrəddin camaata göz basıb dərvişə deyir:

    – Hə, bax, o, bizim eşşəyin quyruğudur.
  • Gulshan Jabicompartió una citahace 3 años
    BİLMƏK VƏ BİLMƏMƏK

    Günlərin birində Molla məscidə gəlir. Çıxıb minbərdə oturur ki:

    Camaat, kimin nə sualı var, versin mənə, alsın cavabını. Adamlar başlayırlar sual verməyə. Ancaq hər kim nə sual verirsə Molla deyir:

    – Bunu bilmirəm.

    Axırda birisi hirslənib deyir:

    – Bilmirsən, bəs niyə dırmaşıbsan oraya? Heç olmazsa onu da bilmirsən ki, bilməyən yuxarı dırmaşmaz?

    Molla deyir:

    – Mən bildiyim qədər dırmaşmışam. Başqaları kimi bilmədiyim qədər dırmaşsaydım, indi buludlarda gəzirdim.
  • Gulshan Jabicompartió una citahace 3 años
    EŞİTDİN, GET!

    Gündə bir qarın yeməyə möhtac olan yoxsullardan biri, bir parça çörək tapıb aşpaz dükanının yanına gəlir. Bütün ömründə xörək yeməyən bu yazıq uzaqdan aşpazın bişirdiyi kababa baxır, çörəyi ağzına qoyub yeyir. Demə, aşpaz buna göz qoyurmuş. Kişi çörəyini yeyib qurtarır, getmək istəyəndə aşpaz tutur yaxasından ki:

    – Ver kababın pulunu!

    Kişi başlayır yalvarmağa ki:

    – Ay başına dönüm, mən nə vaxt sənin kababmı yedim ki, pulunu da verəm.

    Aşpaz əl çəkmir ki:

    – Yox, sən kababa baxıb çörəyini yeyirdin. Gərək pulunu verəsən.

    Kişi nə qədər yalvarırsa, olmur. Aşpaz onun yaxasından əl çəkməyib axırda tutub qazının yanına aparır. Bu zaman Molla da bir məsələ üçün qazının yanında imiş. Qazı bunların məsələsinə qulaq asır, sonra üzünü Mollaya tutub deyir:

    – Molla, bu məsələni həll eləmək mənim işim deyil. Yenə sən həll eləyə bilərsən.

    Molla aşpaza deyir:

    – O kişi ki, sənin xörəyini yeməyib, sən ondan nə pul istəyirsən?

    Aşpaz deyir:

    – Gözü ilə baxıb, burnu ilə də qoxusunu çəkib. Mən ondan bu haqqı istəyirəm.

    Molla deyir:

    – Haqlısan, qardaş! Gərək verə.

    Aşpaz bunu eşidib başlayır sevinməyə ki, indi Molla yoxsuldan pul alıb, verəcək ona. Molla öz cibindən bir kisə pul çıxarıb aşpazın qulağının dibində silkələyir. Soruşur:

    – Eşitdin?

    Aşpaz soruşur:

    – Nəyi?

    Molla deyir:

    – Pulların səsini.

    Aşpaz deyir:

    – Eşitdim, nə olsun?

    Molla deyir:

    – Demək ki, haqqını aldın. Di yeri, çıx get!

    Aşpaz hirslənir ki:

    – Hanı? Mən nə haqq aldım?

    Molla deyir:

    – O, kababı gözü ilə görüb, burnu ilə qoxulamışdı. Sən də pul kisəsini gözünlə gördün, pulun da səsini qulağınla eşitdin. Sənə çatası haqq ancaq bu ola bilər.
  • Gulshan Jabicompartió una citahace 3 años
    Bir axşamüstü Molla çöldən qayıdırmış. Bir də görür ki, küçədə iki uşaq bir-biri ilə dalaşır. Yaxınlaşıb baxır ki, uşaqların əllərində bir qarğa var, o çəkir o tərəfə ki, mənimdi, bu çəkir bu tərəfə ki, mənimdi. Mollanın qarğaya yazığı gəlir. Soruşur:

    – Nə olub? Niyə savaşırsınız?

    Uşaqlardan biri deyir:

    – Mən gördüm ki, bu qarğa uçub qondu, bax, bura, yuvasına. Buna dedim. Sonra yatdım ayağının altında, çıxıb tutdu. İndi deyir qarğa mənimdi.

    O biri uşaq da deyir:

    – Əlbəttə, mənimdi. Bacarırdın özün tutaydın da...

    Molla baxır ki, uşaqlar qarğanı öldürəcəklər. Bir-iki şahı pul verib, qarğanı əllərindən alır, deyir:

    – Qarğa yazıqdı, verin buraxım, uçsun getsin. Əvəzində götürün bu pulu, gedin halva alın yeyin!

    Uşaqlar pulu alıb sevinə-sevinə, halvaçı dükanına tərəf qaçırlar. Molla da qarğanı buraxır.

    Qarğa bir-iki qanad vurub qonur yaxında otlayan bir camışın belinə. Molla baxıb deyir:

    – Afərin qarğa! Lap alıcı quş imiş ki... Gör nə boyda şikar ovladı.

    Yavaşca yaxınlaşıb qarğanı tutur, alıcı quş kimi əlinə alır, camışı da qabağına qatıb evə gətirir.

    Qaranlıq düşənə yaxın camış sahibi soraqlaşa-soraqlaşa gəlib çıxır ki:

    – Ver mənim camışımı!

    Molla deyir:

    – Camış sənin niyə oldu? Dədə-babadan həmişə bizim bu yerlərdə quş buraxıb şikar ovlayıblar. Bu da mənim şikarımdı, quşumu buraxmışam, ovlayıb.

    Kişi deyir, Molla deyir, işləri düşür qazıya. Qazı Mollanı çağırtdırır ki:

    – Niyə kişinin camışını vermirsən?

    Molla deyir:

    – Qazı ağa, xoşbəxtlikdən burada heç kəs yoxdur, ikimizik. Qulaq as, gör, nə deyirəm. Hesablamışam ki, bu camışın südündən ayda on girvənkə yağ çıxacaq. Bu yağın hər ay beş girvənkəsi sənin, beş girvənkəsi mənim olsa, o kitablara salıb mənim qarğamı tərlan, bu camışı da şikar eləyə bilərsən, ya yox?

    Qazı deyir:

    – Sən get, yağı hazırla!

    Molla çıxıb gedir. Bir neçə gündən sonra qazı camış sahibini də çağırır, Mollanı da. Kitabdan-kitaba, qanundan-qanuna salıb, sübut eləyir ki, camış çatır Mollaya.

    Günlər dolanır, həftələr keçir, ay gəlib başa çatır. Qazı Mollaya sifariş göndərir ki, yağı gətirsin.

    Molla camışın nəcisindən bir küpə doldurur, ağzına da iki barmaq qalınlığında yağ qoyub gətirir qazıya. Qazı deyir:

    – Molla, o biri aylar yadından çıxar ha...

    Molla deyir:

    – Arxayın ol! Hər ay bu yağdan belə bir küpə gətirəcəyəm yeyəsən.

    Molla çıxıb gedən kimi qazı küpəni açır. Bir barmaq, iki barmaq... Bir barmaq da vurub ağzına qoyanda baxır ki, dadı ayrı cür oldu. Baxıb görür nə... Küpə doludu camış nəcisi ilə. Hirs vurur qazının təpəsinə. Elə o saat adam göndərib Mollanı çağırtdırır. Molla gəlir. Qazı deyir:

    – Molla sən indi işi o yerə çatdırıbsan ki, mənə camış nəcisi yedirdirsən?

    Molla deyir:

    – Əvvəla, bunu mən yedirtmirəm, qazı ağa, sən özün yeyirsən. İkincisi də, sən onu indi yemirsən. Sən onu o gün yedin ki, kitabdan-kitaba, qanundan-qanuna salıb, qarğanı tərlan elədin, camışı şikar.
  • Gulshan Jabicompartió una citahace 2 años
    Qış gecələrinin birində camaat bir evə yığışıb vaxt keçirirmişlər. Oradan-buradan söz düşür, hərə öz gücündən, qüvvətindən danışır. Növbə Mollaya çatanda deyir:

    – Düzdü, mən qocalmışam, ancaq ona baxmayın, gücüm elə əvvəlki kimidir. Heç azalmayıb.

    Soruşurlar:

    – Nədən bilirsən?

    Molla deyir:

    – Ondan bilirəm ki, bizim həyətdə bir yekə daş var. Mən uşaqlıqda da onu götürə bilmirdim, cavanlıqda da götürə bilmirdim, indi də götürə bilmirəm.
  • Gulshan Jabicompartió una citahace 3 años
    BUZ İLƏ ÇÖRƏK

    Bir gün bir nəfər Mollanın yanına gəlir ki:

    – Molla, azarlamışam, heç kəs dərdimə çarə tapa bilmir. Bəlkə sən bir çarə tapasan.

    Molla soruşur:

    – Nədir azarın?

    Kişi deyir:

    – Bədənimdə olan tüklər ağrıyır.

    Molla deyir:

    – Qəribədir. Mən birinci dəfədir ki, belə azar eşidirəm. Yaxşı, bu günlərdə bir qəribə şey yeməmisən?

    Kişi deyir:

    – Buzla çörək yemişəm.

    Molla deyir:

    – Sənin nə azarın adam azarıdır, nə xörəyin adam xörəyi. Tez qaç baytar yanına.
  • Gulshan Jabicompartió una citahace 3 años
    MOLLANIN VƏSİYYƏTİ

    Günlərin birində Molla azarlayır. Gedib haradansa bir həkim tapıb gətirirlər. Amma bu həkimin çox uğursuz dili var imiş. Ağzına heç xeyir söz gəlməzmiş. Bir az Mollanın ora-burasına baxandan sonra deyir:

    – Molla, özün çox yaxşı bilirsən ki, ölüm Allah əmridir. Bir gün ki yaranmışıq, bir gün də öləcəyik. Mən ki, belə görürəm, sən, deyəsən, bu azardan qalxmayacaqsan. Odur ki, yaxşısı budur, arvad-uşağını çağırıb vəsiyyətini eləyəsən.

    Molla arvad-uşağı çağırır. Elə ki hamı yığılır, Molla deyir:

    – Qulaq asın, vəsiyyət eləyirəm. Mən ölsəm də, qalsam da bu vəsiyyəti yadınızdan çıxarmayın! Bundan sonra mənim evimə it də gətirə bilərsiniz, qurd da gətirə bilərsiniz, amma bu bayquşu bir də buralara qoymazsınız.
  • Gulshan Jabicompartió una citahace 3 años
    Molla Nəsrəddin şəhərdə hakim işlədiyi günlərin birində yanına iki nəfər şikayətçi gəlir. Bunların arasında mübahisəli bir məsələ var imiş. Molla birincisinin şikayətinə diqqətlə qulaq asır. Şikayətçi şikayətini eləyib qurtardıqdan sonra Molladan soruşur:

    – İndi özün bax, gör, mən haqlıyam, yoxsa yox.

    Molla deyir:

    – Sən haqlısan, bala.

    Birinci şikayətçi oturur, ikinci başlayır. Danışıb, birinci şikayətçinin başdan-ayağa yalan dediyini isbat eləməyə çalışır. Danışıb qurtarandan sonra bu da soruşur:

    – İndi gör mən haqlıyam, ya yox?

    Molla deyir:

    – Sən haqlısan, bala.

    Mollanın oğlu da bu məclisdə imiş. Atasından bu cavabları eşidib deyir:

    – Ay ata, sən ki, şikayətçilərin ikisinə də “sən haqlısan” dedin. Belə də iş olar?

    Molla deyir:

    – Sən də haqlısan, oğlum.

    Oğlu:

    – Onda bəs haqsız kim oldu?

    Molla:

    Haqsız məni bu qulluğa qoyan axmaqdır ki, nə hır qanır, nə də zır.
  • Gulshan Jabicompartió una citahace 2 años
    Bir gün Molla xəstələnir, üstünə həkim çağırtdırır. Həkim gəlib nüsxə yazır. Molla ona bir qızıl verir. Sonra arvadını dərman üçün göndərir, ona da bir qızıl verir.

    Arvad dərmanı alıb gətirir. Molla şüşəyə baxır və açıq pəncərədən çölə tullayır.

    – Arvad soruşur ki, a Molla, bir qızıl həkimə, bir qızıl da dərmana vermisən, niyə atırsan onu?

    Molla deyir:

    – Sən belə işləri bilməzsən, arvad! Həkim yaşamalıdır, ona bir qızıl verdim. Bir qızıl da dərmana verdim, çünki dərman satan da yaşamalıdır. Dərmanı da çölə atdım, çünki mən də yaşamaq istəyirəm.
  • Gulshan Jabicompartió una citahace 2 años
    Bir gün birisi gəlib Mollanın qapısını döyür ki:

    – Ay Molla, eşşəyini bir günlüyə ver mənə, meşəyə oduna getmək istəyirəm.

    Molla deyir:

    – Ay filankəs, vallah verərdim, amma mənim eşşəyimin rəngi qaradı.

    Kişi deyir:

    – Nə olsun rəngi qaradı?

    Molla deyir:

    – O olsun ki, verə bilmərəm də...

    Kişi deyir:

    – Vermirsən, vermə! Amma qaralığın buna heç dəxli yoxdur.

    Molla deyir:

    – Niyə yoxdur? Bəhanə üçün elə rəngin də dəxli var.
fb2epub
Arrastra y suelta tus archivos (no más de 5 por vez)